Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku İrəvanın mərkəzində, Azadlıq meydanında çoxminlik mitinq keçirib.
Aksiya parlament seçkiləri öncəsi seçki kampaniyası çərçivəsində baş tutub.
Toplaşanlar qarşısında blokun seçki siyahısına daxil edilən nümayəndələri çıxış ediblər. Əsas çıxışçılardan biri isə baş nazir postuna namizəd göstərilən Robert Koçaryan olub.
Çıxışı zamanı keçmiş prezident bildirib ki, Ermənistan hakimiyyətinin Avrasiya İqtisadi İttifaqı ilə bağlı addımları ölkənin iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər.
O, həmçinin Rusiya ilə münasibətlər məsələsinə də toxunub. Koçaryanın fikrincə, hazırkı hakimiyyət cəmiyyətdə Rusiyanı rəqib kimi təqdim etməyə çalışır və ölkəni təhlükəli yola aparır.
Mitinq başa çatdıqdan sonra iştirakçılar İrəvanın mərkəzi küçələri ilə yürüşə başlayıblar.

