Reuters-in məlumatına görə, İspaniyada Kovid-19 pandemiyası dövründə maska alqı-satqısı ilə bağlı korrupsiya işi üzrə məhkəmə qərarı açıqlanıb. Ölkənin Ali Məhkəməsi keçmiş nəqliyyat naziri Xose Luis Abalosu 24 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
İspaniyanın “El País” nəşrinin yazdığına görə, Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi Sosialist İşçi Partiyasında əvvəllər yüksək vəzifələr tutmuş Abalosun cəzalandırılması ölkə siyasətində ciddi rezonans doğurub.
Nazir, müşavir və iş adamı üçbucağı
Euronews-un məlumatına əsasən, məhkəmə Abalos və onun keçmiş müşaviri Koldo Qarsiyanı “cinayətkar təşkilatda iştirak, rüşvət, dövlət vəsaitini mənimsəmə və nüfuz alveri” kimi ittihamlar üzrə təqsirli bilib.
Keçmiş nazir Xose Luis Abalos 24 il 3 ay həbs cəzası alıb. Onun keçmiş müşaviri Koldo Qarsiya isə 19 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
İş adamı Viktor de Aldama maska satışlarından milyonlarla avro qanunsuz gəlir əldə etməkdə təqsirli bilinib. El País-in yazdığına görə, Aldamaya 4 il 6 ay həbs cəzası verilsə də, istintaqa verdiyi ifadələr və müəyyən şərtlər nəzərə alınaraq onun cəzası dayandırılıb.
Siyasi zirvədən məhkəmə hökmünə
Korrupsiya qalmaqalı İspaniyada siyasi gündəmi silkələyib. Abalos bir vaxtlar hakim Sosialist İşçi Partiyasının ən nüfuzlu simalarından biri hesab olunurdu.
Reuters-in daha əvvəl yaydığı məlumata görə, qalmaqalın böyüməsindən sonra PSOE Abalosdan deputat mandatından imtina etməsini tələb etmişdi. Daha sonra onun partiyadakı üzvlüyü dayandırılıb və siyasi nüfuzu ciddi şəkildə zəifləyib.
Ali Məhkəmənin bu qərarı pandemiya dövründə dövlət satınalmaları ilə bağlı korrupsiya hallarına görə İspaniyada verilən ən sərt hökmlərdən biri kimi qiymətləndirilir.

