Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yol və keçmiş müdafiə naziri Kim Yon Hyon Pxenyan üzərində hərbi dron uçurulmasına göstəriş verməkdə təqsirli bilinərək 30 il müddətinə azadlıqdan məhrum ediliblər.
Yonhap agentliyinin məlumatına görə, Seul Mərkəzi Rayon Məhkəməsi Yun Sok Yolu dron insidentləri ilə bağlı göstəriş verməklə “düşmənə fayda vermək” və “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək” ittihamları üzrə təqsirli hesab edib.
Məhkəmə Yun Sok Yolun 2024-cü ilin oktyabrında verdiyi dron göstərişi ilə Pxenyan rəhbərliyini təxribata çəkdiyini bildirib.
Qərara əsasən, sabiq prezidentə 30 il həbs cəzası verilib. Onun vəkilləri hökmü apellyasiya qaydasında mübahisələndirəcəklərini açıqlayıblar.
İş çərçivəsində keçmiş müdafiə naziri Kim Yon Hyon da 30 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yun Sok Yol 3 dekabr 2024-cü ildə “müxalifətin dövlət əleyhinə fəaliyyətlərə qarışması” iddiası ilə ölkədə hərbi vəziyyət elan etmişdi. Lakin Milli Assambleyanın bu qərarı ləğv etməsindən sonra o, geri addım atmağa məcbur olmuşdu.
Milli Assambleya 14 dekabr 2024-cü ildə Yun Sok Yolun impiçmentini tələb etmiş və o, müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Konstitusiya Məhkəməsi 4 aprel 2025-ci ildə parlamentin impiçment tələbini qəbul edərək Yun Sok Yolun vəzifədən kənarlaşdırılmasını təsdiqləmişdi.
Yun Sok Yolun vəzifədən uzaqlaşdırılmasından sonra keçirilən seçkilərdə qalib gələn əsas müxalifətdəki Demokratik Partiyanın namizədi Li Ce Myon isə 4 iyun 2025-ci ildə parlamentdə and içərək rəsmi şəkildə prezident vəzifəsinin icrasına başlayıb.

