ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammitində Avropa ölkələrini sərt tənqid edə biləcəyi iddia olunur.
Bu barədə Slovakiyanın “Pravda” nəşri yazıb.
Nəşrin materialında bildirilir ki, sammitdə tərəflər bəzi məsələlər üzrə razılığa gələ bilməyə bilər və bu halda Tramp Avropa müttəfiqlərinə qarşı sərt mövqe ortaya qoya bilər.
“Bəlkə də onlar hansısa məsələdə razılığa gələ bilməyəcəklər və Donald Tramp sadəcə hamını sərt şəkildə danlayacaq. Bu isə hamı üçün, ilk növbədə Avropa üçün daha pis olacaq”, - deyə məqalədə qeyd olunub.
Müəllif belə bir ehtimalı ABŞ liderinin Ukraynadakı münaqişəni 24 saat ərzində həll edəcəyi barədə əvvəlki vədinin yerinə yetirilməməsi ilə əlaqələndirib.
Məqalədə vurğulanır ki, hazırda Tramp daha çox İranla gərginliyə diqqət ayırır. Lakin müəllifin fikrincə, bu istiqamətdə də sadə həll yolu görünmür.
Yazıda qeyd olunur ki, ABŞ Prezidenti səhvlərini etiraf etmir və mümkün uğursuzluqlara görə məsuliyyəti NATO üzrə avropalı müttəfiqlərin üzərinə qoymağa çalışır.

