Rusiya Prezidenti Vladimir Putin Avropa qoşunlarının Ukrayna ərazisinə mümkün yerləşdirilməsinin Rusiya ilə birbaşa müharibə anlamına gələcəyini bildirib.
Putinin sözlərinə görə, Avropa ölkələrinin hazırkı siyasəti onları Rusiya ilə qarşıdurmaya doğru aparır. O, eyni zamanda Moskvanın Avropa dövlətlərini təhdid etmədiyini və belə bir niyyətinin olmadığını deyib.
“Avropa qoşunlarının Ukrayna ərazisinə daxil olması Rusiya ilə birbaşa müharibə demək olacaq”, – Putin bildirib.
Rusiya lideri Ukraynada baş verən hazırkı hadisələri Qərb elitalarının buraxdığı səhvlərlə əlaqələndirib.
Putin həmçinin Avropa ölkələrində əhalinin hökumətlərinin siyasətindən narazılığının artdığını iddia edib. O, bu fikrini Almaniyadakı seçkilərin nəticələri və “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstəyin artması ilə əsaslandırıb.
Rusiya Prezidenti Avropanın enerji siyasətini də tənqid edərək, Avropa hakimiyyətlərinin buraxdığı səhvlərin qazın qiymətinin daha da yüksəlməsinə səbəb ola biləcəyini bildirib.

