ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində neftin qiymətini artırmaq üçün bütün imkanlardan istifadə etdiyini iddia edib.
Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Hörmüz boğazından keçən neftin həcmi müharibədən əvvəlki dövrlə müqayisədə artsa da, Tehran hakimiyyəti əsassız məlumatlar yayaraq bazara təsir göstərməyə çalışır.
“İran ABŞ-də aralıq seçkilərdən əvvəl neftin qiymətini artırmaq üçün əlindən gələni edir. Hörmüz boğazından münaqişədən əvvəlkindən daha çox neft keçməsinə baxmayaraq, onlar gəmilərin vurulması barədə saxta xəbərlər, minalar və başqa şeylər uydururlar”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İrandakı etiraz aksiyalarına da toxunub.
“Onlar etirazçıları və qarşılarına çıxan hər kəsi öldürməyə davam edirlər. Bu, həqiqətən də qəddar rejimdir. Yeganə ümidim Amerika xalqının və dünyanın onların nə qədər pis olduğunu anlamasıdır. Yeddi aydan az müddətdə 75 min etirazçı həyatını itirib. Dünyanın və Demokratlar Partiyasının buna əhəmiyyət vermirmiş kimi görünməsi sarsıdıcıdır”, – deyə Tramp iddia edib.
O, İranın nüvə proqramı ilə bağlı mövqeyini də təkrarlayıb.
“İran heç vaxt nüvə silahına sahib ola bilməyəcək”, – deyə ABŞ Prezidenti vurğulayıb.

