ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranan problemlərin həll olunacağına əminliyini bildirib. O, bunu Dublində İrlandiya Prezidenti Ketrin Konnolli ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Hər şey yaxşı olacaq”, – Tramp bildirib. ABŞ lideri Səudiyyə Ərəbistanı ilə bağlı yeni narahatlıqlara toxunaraq vəziyyətin yoluna düşəcəyinə inandığını vurğulayıb.
Bu açıqlama Hörmüz boğazında gəmi hərəkətinin kəskin azalması və regionda enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Reuters-in məlumatına görə, boğazdan keçən gəmilərin sayı son günlərdə müharibədən əvvəlki göstəricilərdən xeyli aşağı düşüb.
Tramp həmçinin Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə hücumdan sonra vəliəhd Məhəmməd bin Salmanla danışdığını bildirib. Hücum fonunda Hörmüz boğazından yan keçən bu mühüm neft marşrutunun fəaliyyəti də dayandırılıb.

