ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirib.
Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Düşünürəm ki, müharibə seçkilərdən dərhal sonra başa çatacaq. Çünki onlar artıq daha çox tab gətirə bilməzlər”, – ABŞ Prezidenti deyib.
Trampın fikrincə, Tehran ABŞ-da 3 noyabrda keçiriləcək aralıq seçkilərinə təsir göstərməyə çalışa bilər. O iddia edib ki, İran Vaşinqtonda ona qarşı daha yumşaq mövqe tutacaq siyasi qüvvələrin güclənməsində maraqlıdır.
“Onlar seçkilərə təsir göstərmək üçün ümidsiz şəkildə çalışacaqlar ki, hakimiyyətə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək zəif insanlar gəlsin”, – Tramp bildirib.
“Reuters”in məlumatına görə, İranla müharibə artıq yeddinci ayına daxil olub. Tramp mümkün danışıqları tam istisna etməsə də, hazırda Vaşinqtonun bunu prioritet hesab etmədiyini söyləyib.

