Sumqayıt şəhərinin bir sıra ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri təntənəli şəkildə qeyd olunub.
Sumqayıt şəhər N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və şəhid Səmədov Elnurun həyat yoldaşı Səmədova Aynur iştirak ediblər.
Tədbir iştirakçıları arasında regional təhsil idarəsinin əməkdaşları, liseyin pedaqoji kollektivi, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri də yer alıblar.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzulayıb, təhsilin inkişafında gənclərin rolunu xüsusi vurğulayıb.
Liseyin direktoru Rüxsarə Məmmədova çıxış edərək məzunların əldə etdiyi nailiyyətlərdən bəhs edib, müəllim əməyinin dəyərini vurğulayıb və gələcək həyat yollarında uğurlar arzulayıb.
Şəhid Səmədov Elnurun həyat yoldaşı Səmədova Aynur çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, məzunlara Vətənə layiqli vətəndaş olmaları ilə bağlı tövsiyələrini çatdırıb, onların gələcəkdə ölkəmizin inkişafına töhfə verəcək savadlı gənclər kimi yetişəcəklərinə inamını bildirib.
Tədbir şagirdlərin ifasında təqdim olunan bədii nümunələrlə yadda qalıb.
Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə də Son Zəng yadda qalan olub. Keçirilən tədbirlərdə müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri ilə yanaşı, şəhid ailələrinin üzvləri və qazilər də iştirak edirdilər. Onların iştirakı tədbirə xüsusi mənəvi dəyər qatıb, gənc nəslə Vətən sevgisinin, qəhrəmanlıq və fədakarlığın əsl nümunəsini nümayiş etdirib. Məktəb rəhbərliyi hər bir şagirdə uğurlar arzulayıb. Daha sonra Şəhid Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova çıxış edib. Məzunlara ən xoş arzularını çatdırıb. İllərin xatirələrini geridə qoyan məzunlar müəllimləri və sinif yoldaşları ilə vidalaşaraq gələcək həyatlarına doğru ilk addımlarını atıblar.
27 nömrəli tam orta məktəbdə isə Son Zəng şagirdlərdə unudulmaz izlər buraxıb. məktəbdə son zəng həm sevinc, həm də qürur hissləri ilə qeyd edildi. Məzunlar məktəb illərinin ən gözəl xatirələrini geridə qoyaraq gələcəyə doğru addımladılar. Tədbir boyu yaşanan duyğulu anlar iştirakçıların yaddaşında uzun müddət qalacaq.
11 nömrəli məktəbdə də Son Zəng böyük coşqu ilə qeyd edilib. Məzunlar müəllimləri və sinif yoldaşları ilə vidalaşarkən həm sevindilər, həm də kövrəldilər. Məktəb həyətlərində səslənən son zəng yeni başlanğıcların və böyük arzuların rəmzinə çevrildi.
8 nömrəli məktəbdə Məzunlar üçün Son dəfə zəng çalındı. Şagirdlər son kəs məktəb həyatı ilə vidalaşdılar. Sevinc göz yaşları yanaqlardan süzüldü. Şagirdlərin hazırladığı bədii kompozisiyalar, musiqi nömrələri və duyğusal çıxışlar tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.
6 nömrəli məktəbdə Son Zəng çalınıb. Məktəb rəhbərliyi onlara ən xoş arzularını çatdırdı. Bir tərəfdə sevinc dolu gülüşlər, digər tərəfdə isə illərin xatirələrini yada salan kövrək anlar vardı. Son zəng çaldı və məzunlar həyatın yeni səhifəsinə doğru ilk addımlarını atdılar.
Şəhərin 15 nömrəli məktəbində isə Son Zəng yadda qalan və məzunların unuda bilməyəcəyi tarix yazdı. Məzunlar, müəllimlər və valideynlərin iştirak etdiyi tədbirlərdə məktəb illərinə həsr olunmuş çıxışlar səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib və məzunların uğurları qeyd olunub. Məktəb həyətlərində həm sevinc, həm də kövrək anlar yaşanıb.
Səslənən son zəng sədaları minlərlə gənc üçün yeni ümidlərin, böyük hədəflərin və parlaq gələcəyin başlanğıcı kimi yadda qalıb.

