Azərbaycanda ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbin məzunu Fidan İlham qızı Hüseynzadə göstərib.
O, imtahanın iki mərhələsinin nəticəsinə əsasən ümumilikdə 690 bal toplayıb.
Abituriyent birinci mərhələdə 293,8 bal, ikinci mərhələdə isə 396,2 bal əldə edib.
Lent.az-a danışan Fidan nəticələr açıqlanmamışdan əvvəl yüksək bal gözlədiyini, lakin ölkə birincisi olacağını düşünmədiyini bildirib.
“Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. İmtahanı yaxşı yazdığımı anlayırdım, amma birinci olacağımı düşünmürdüm”, — deyə o qeyd edib.
Fidan gələcəyini hüquq sahəsi ilə bağlamaq istədiyini deyib.
Onun sözlərinə görə, qəbul imtahanlarına ciddi şəkildə IX sinifdən hazırlaşmağa başlayıb. Buna qədər isə məktəb dərsləri onun üçün kifayət edib və həmişə ən yaxşı şagirdlərdən biri olub.
“Telefonum olsa da, ondan çox az istifadə edirdim. Dərslərdən sonra tapşırıqlarımı hazırlayırdım, amma maraqlarımı da unutmurdum”, — deyə abituriyent bildirib.
Fidan boş vaxtlarında daha çox kitab oxumağa üstünlük verdiyini söyləyib.
Gələcək planlarından danışan abituriyent yüksək ixtisaslı mütəxəssis olmaq, Azərbaycanı layiqincə təmsil etmək və təhsilini magistratura pilləsində davam etdirmək istədiyini qeyd edib.
O, uğurunu məktəb müəllimlərinin və hazırlıq kurslarındakı müəllimlərinin dəstəyi ilə əlaqələndirib.

