Mayın 24-də keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanının II və III ixtisas qrupları üzrə nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Abituriyentlər imtahan nəticələri, cavab kartları, cavab vərəqləri və açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə DİM-in saytında tanış ola bilərlər. Nəticələri həmçinin imtahana buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
Məlumata görə, imtahanda iştirakını təsdiqləmiş 56 847 abituriyentdən 2429 nəfəri imtahana gəlməyib. 12 iştirakçı isə qaydaları pozduğu üçün imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri Sabunçu rayonundakı 169 nömrəli tam orta məktəbin məzunu Banıçiçək Bəxtiyar qızı Rüstəmli göstərib. O, 688,9 bal toplayıb.
III ixtisas qrupu üzrə isə üç nəfər ikinci mərhələdə maksimum nəticə göstərərək 400 bal toplayıb. Bunlar Bakı şəhəri Suraxanı rayonundakı S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın məzunu Zeynəb Ələddin qızı Quliyeva, Nizami rayonundakı 62 nömrəli məktəb-liseyin məzunu Aişə İlqar qızı Qasımova və İsmayıllı rayonunun Qalacıq kənd tam orta məktəbinin məzunu Fidan Ceyhun qızı Qardaşovadır.
III ixtisas qrupu üzrə ümumi ən yüksək nəticəni isə Tovuz rayonunun Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbinin məzunu Ayan Fuad qızı Musayeva göstərib. O, 688,7 bal toplayıb.
İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətləri 18-20 iyun tarixlərində elektron qaydada DİM-in saytı vasitəsilə qəbul ediləcək. Müraciətlərə baxıldıqdan sonra apellyasiya nəticələri apelasiya.dim.gov.az saytında yerləşdiriləcək və abituriyentlərə SMS vasitəsilə göndəriləcək.

