Tarixi görüşə sayılı günlər qaldı. Tramp və Putin Alyaskada bir aya gələcək. Bəs tərəflər Ukraynanı torpaq güzəştinə məcbur edə bilərmi? Görüşdən sonra Ukraynanın təhlükəsizliyi və suverenliyi hansı risklərlə üzləşə bilər? ABŞ və Rusiya arasında dialoq Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə real töhfə verə bilərmi?
Denmedia.az xəbər verir ki, Moderator.az-a danışan politoloq Telman Nüsrətoğlu deyib ki, Rusiya-Ukrayna müharibəsi cəbhəsində hazırda çox kritik vəziyyət yaranıb. Onun sözlərinə görə, ABŞ-ın qlobal hegemonluğunu qorumaq məqsədilə diqqətini əsasən Çin üzərinə yönəltməsi mühüm amildir:
“ABŞ-ın aparıcı araşdırma mərkəzləri, Pentagon və digər strateji qurumların hesabatlarına nəzər salsaq, görərik ki, yüksək texnologiya, sənaye, hərbi və iqtisadi sahələrdə Çin artıq ABŞ-ın qlobal hegemonluğunu təhdid edir. Buna görə də ABŞ-ın əsas strategiyası Çinin gücünü zəiflətmək, onun inkişafını yavaşlatmaq və ABŞ hegemonluğuna meydan oxumasını önləməkdir. Bu kontekstdə Rusiya çox kritik rola sahibdir. Rusiya həm coğrafi supergücdür, həm də Çin üçün xammal bazası kimi vacib potensiala malikdir, çünki Çinlə sərhəddə yerləşir. Çin-Rusiya münasibətləri isə çox dərin və mürəkkəb nüanslarla doludur və ayrıca, daha detallı təhlil tələb edir.
ABŞ isə mümkün qədər tezliklə Çin-Rusiya-Ukrayna üçbucağında yaranan münaqişəni sakitləşdirib Rusiyanı ya öz tərəfinə çəkmək, ya da neytral vəziyyətə gətirmək istəyir. Çünki Rusiyanın strateji və demoqrafik durumu, həmçinin Çin asılılığı, onun milli müstəqilliyi və gələcəyi üçün risklər yaradır.
Hazırkı vəziyyət göstərir ki, hər iki tərəf — həm Rusiya, həm də Ukrayna — əvvəlcə atəşkəsə nail olmaq, sonra isə müharibəyə son qoyan sülh razılaşmasını əldə etməyə çalışır. Bu baxımdan diplomatik səylər, xüsusilə İstanbulda baş tutan danışıqlar və Alaskada planlaşdırılan görüşlər, çətin olsa da, müsbət irəliləyişlərin işarəsidir”.
Politoloq hesab edir ki, müharibənin yekununda geniş miqyaslı geosiyasi bazarlıq olacaq — təsir dairələrinin bölüşdürülməsi məsələsi, o cümlədən Ukraynanın gələcəyi ilə bağlı müxtəlif razılaşmalar mümkündür:
“Görünən odur ki, Avropa İttifaqı, xüsusilə İngiltərə, Almaniya və Fransa, daha münasib şərtlərlə atəşkəs və sülh sazişi imzalanmasını istəyir. Lakin Rusiya işğal etdiyi ərazilərin ABŞ tərəfindən hüquqi tanınmasını qəbul etmir. Avropa ölkələrinin mövqeyinə görə, bu, ciddi presedent yaradacaq və Rusiyanın işğalçılıq siyasəti bitməyəcək, əksinə, Şərqi Avropaya doğru təhlükələr artacaq.
Buna görə də ABŞ və Avropanın vahid mövqeyə gəlməsi zəruridir. Eyni zamanda, Rusiyanın da müharibədən müəyyən şərtlərlə öz simasını qoruyaraq çıxmaq istəyi var. Məsələn, Krım Rusiya üçün “qırmızı xətt” sayılır — Rusiya oranı öz torpağı kimi qəbul edir. Donetsk, Luqansk və digər ərazilərlə bağlı isə Moskva Ukraynanın sərhədləri daxilində olan əlavə torpaqları da öz tərəfinə keçirməyə çalışır. Vəziyyət olduqca mürəkkəbdir və diplomatik danışıqlar böyük maraqla gözlənilir.
Təbii ki, bu prosesdə ən zəif tərəf Ukrayna olacaq. Çünki Ukrayna geosiyasi münaqişənin əsas meydanı kimi qalır. Ukrayna ordusu və xalqı böyük müqavimət göstərsə də, resurslarının məhdud olması onların mövqeyini zəiflədir.
Rusiya kimi böyük resurslara malik, artıq iqtisadiyyatını hərbi iqtisadiyyat səviyyəsinə gətirmiş ölkənin müharibəni uzun müddət xarici yardımlar olmadan davam etdirməsi mümkün deyil. Buna görə də, Putin-Tramp görüşündə müəyyən geosiyasi razılaşmalar, güc bölgüsü və qarşılıqlı tələblər müzakirə olunacaq.
Aydın məsələdir ki, Ukrayna tərəfdən torpaq güzəştləri qaçılmazdır, bunun başqa yolu yoxdur. İndiki vəziyyətdə Ukraynanın NATO üzvlüyündən imtina edib tərəfsiz statusa qayıtması, daha çox Rusiyanın təsir dairəsində qalması və ərazilərinin qorunması məsələsi gündəmdədir. Eyni zamanda, mövcud işğal edilmiş torpaqların tanınması, Ukraynanın Avropa İttifaqına üzvlüyü kimi məsələlər də danışıqlarda yer alacaq.
Bu, çox mürəkkəb və ziddiyyətli prosesdir və dünyanın gələcək nizamının əsas konturlarını müəyyən edə biləcək strateji müzakirələrdən biridir. Bu səbəbdən tərəflər arasında qarşılıqlı razılaşmalar, ticarət və kompromislər qaçılmazdır. 15-dən sonra isə bu danışıqların nəticələri və detallar daha aydın şəkildə ortaya çıxacaq”.