ABŞ seçicilərinin əksəriyyəti Vaşinqtonun İranla hərbi qarşıdurmasının ölkəyə gətirdiyi maliyyə və insan itkilərinə dəymədiyini hesab edir.
Financial Times və Focaldata şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalı seçicilərin 58 faizi İranla bağlı hərbi kampaniyanın “öz qiymətinə dəymədiyini” bildirib. Sorğuda iştirak edənlərin 44 faizi isə bu qarşıdurmadan sonra ABŞ-ın İran qarşısında daha zəif mövqedə qaldığını düşünür.
Sorğu NATO sammiti ərəfəsində keçirilib. Nəticələr göstərib ki, amerikalıların əksəriyyəti ölkənin NATO üzvlüyünün davam etməsini dəstəkləyir. Bununla belə, seçicilər Yaxın Şərq üzrə imzalanan anlaşma memorandumuna da skeptik yanaşıblar.
İctimai narazılıq ABŞ Prezidenti Donald Trampın reytinqinə də təsir edib. Sorğuya əsasən, onun prezident kimi fəaliyyətini seçicilərin yalnız 36 faizi müsbət qiymətləndirir.
Eyni zamanda qarşıdakı Konqres seçkiləri ərəfəsində Demokratlar Respublikaçılar üzərində üstünlük əldə edib. Financial Times-ın məlumatına görə, demokrat namizədlər seçici dəstəyində respublikaçıları 6 faiz bəndi qabaqlayır.
Sorğu iyunun 26-dan 30-dək 1795 qeydiyyatdan keçmiş seçici arasında aparılıb. Yanılma payı ±2,7 faiz bəndi təşkil edir.

