ABŞ və İran arasında qarşılıqlı zərbələrin davam etməsinə baxmayaraq, Vaşinqtonun bu qarşıdurmada artıq məğlub vəziyyətə düşdüyü iddia olunur.
NEWS.ru-ya açıqlama verən amerikaşünas politoloq Malek Dudakov bildirib ki, ABŞ Prezidenti Donald Tramp Konqres seçkiləri ərəfəsində çıxılmaz vəziyyətlə üzləşib.
Onun sözlərinə görə, Hörmüz boğazında böhran davam edir, tərəflər qarşılıqlı zərbələrlə həm güclərini nümayiş etdirməyə, həm də mümkün danışıqlar üçün mövqelərini möhkəmləndirməyə çalışırlar.
Dudakov hesab edir ki, Tramp eskalasiyanı davam etdirsə, bu, onun siyasi mövqelərinə zərbə vuracaq. İranla ciddi razılaşmaya gedəcəyi təqdirdə isə ABŞ-nin çoxsaylı güzəştlərə razılaşmalı olacağını və bunun ölkə daxilində məğlubiyyət kimi qiymətləndirilə biləcəyini bildirib.
Politoloqun fikrincə, Trampın genişmiqyaslı eskalasiyaya, xüsusilə də quru əməliyyatına başlaması az ehtimallıdır. O bunu Konqres seçkilərinə az vaxt qalması və müharibənin iqtisadi nəticələri ilə əlaqələndirib.
Dudakov qeyd edib ki, ABŞ-nin İran sahillərinə endirdiyi zərbələr Hörmüz boğazı üzərindəki vəziyyəti dəyişməyib və nəzarət Tehranın əlində qalır.
Onun sözlərinə görə, yanacağın bahalaşması və inflyasiyanın artması Trampın, eləcə də Respublikaçılar Partiyasının reytinqinə mənfi təsir göstərə bilər. Politoloq hesab edir ki, İran ABŞ-də keçiriləcək Konqres seçkilərinədək mövcud vəziyyəti uzatmağa çalışır.

