İyulun 16-dan 18-dək güclü maqnit qasırğalarının baş verməsi gözlənilmir.
Bu barədə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozlaşdırma Mərkəzinin açıqladığı Günəş və geomaqnit fəallığı proqnozunda bildirilib.
Geomaqnit qasırğaları intensivliyinə görə 2-dən 9-dək K-indeksi ilə qiymətləndirilir. K-indeksi yüksəldikcə qasırğanın gücü, insanlar və texniki sistemlərə mümkün təsiri də artır.
Mütəxəssislərin proqnozuna əsasən, iyulun 16-dan 18-dək Günəş fəallığı aşağı səviyyədə olacaq. Bu müddətdə geomaqnit vəziyyətin əsasən sakit qalacağı və nəzərəçarpacaq maqnit qasırğalarının baş verməyəcəyi gözlənilir.
Yalnız Yer kürəsinin maqnit sahəsində cüzi dalğalanmalar mümkündür. Bu dəyişikliklər meteohəssas insanların səhhətinə müəyyən təsir göstərə bilər.
Beləliklə, iş həftəsinin son günlərinin kosmik hava baxımından əlverişli keçəcəyi bildirilir.
Qeyd olunub ki, proqnoz sonradan dəyişə bilər. Günəş fəallığını araşdıran mütəxəssislər məlumatları hər üç saatdan bir yeniləyirlər. Astrofiziklərin sözlərinə görə, ən dəqiq proqnozlar bir gün əvvəldən hazırlanır, daha uzunmüddətli göstəricilər isə təxmini xarakter daşıyır.

