Uşaqları sinif yoldaşları ilə müqayisə etmək, onlara mənfi ifadələrlə müraciət etmək və sərt iradlar bildirmək dərs oxumaq həvəslərini azaldır, səhv etmək qorxusu yaradır.
Pedaqoq-psixoloq, “Umnoşkolı”nın həmtəsisçisi Şamil Əhmədullin valideynlərin övladları ilə dərsləri barədə danışarkən hansı ifadələrdən çəkinməli olduqlarını “Gazeta.Ru”ya açıqlayıb.
1. “Bax, filankəs necə yaxşı oxuyur, sən isə...”
Psixoloqun sözlərinə görə, uşağı başqaları ilə müqayisə etmək ona nəyi dəyişməli olduğunu göstərmir. Əksinə, özünü digər uşaqlardan daha bacarıqsız hiss etməsinə səbəb olur.
Mütəxəssis uşağı başqaları ilə deyil, öz əvvəlki nəticələri ilə müqayisə etməyi tövsiyə edir.
Məsələn, “Filankəs artıq hər şeyi öyrənib” demək əvəzinə, “Keçən dəfə beş səhvin var idi, indi isə üçdür” söyləmək daha faydalıdır. Bu zaman uşaq öz inkişafını görür və yeni uğurlar qazanmağa həvəslənir.
2. “Sənin riyaziyyata qabiliyyətin yoxdur”
Ekspertin fikrincə, bu ifadə uşağın öz bacarıqlarını inkişaf etdirə biləcəyinə inamını zəiflədir.
Bunun əvəzinə “Hələlik alınmır” demək daha məqsədəuyğundur. Belə yanaşma uşağa çətinliklərin öhdəsindən gəlməyin mümkün olduğunu göstərir.
3. “Sənin yerinə utanıram”
Əhmədullin bildirib ki, bu cümlə diqqəti uşağın dərsdə buraxdığı səhvdən onun şəxsiyyətinə yönəldir.
Nəticədə uşaq qiymətlərini valideynlərindən gizlətməyə və qarşılaşdığı çətinliklər barədə danışmaqdan qorxmağa başlaya bilər.
4. “Səndən heç nə olmayacaq”
Psixoloqun sözlərinə görə, bu ifadə uşağa nəyi dəyişməli olduğunu izah etmir və onun gələcəyi barədə qəti hökm kimi qəbul oluna bilər.
Valideynlərinin ona inanmadığını hiss edən uşaq zamanla özünə olan inamını və öyrənmək həvəsini itirə bilər.
5. “Qiymətlərin heç bir əhəmiyyəti yoxdur”
Mütəxəssis hesab edir ki, məktəbdə əldə olunan nəticələri tamamilə əhəmiyyətsiz saymaq da düzgün deyil. Xüsusilə uşaq yaxşı qiymət almaq üçün səy göstəribsə, onun üçün bu nəticə vacib ola bilər.

Əhmədullin vurğulayıb ki, uşağın şəxsiyyəti ilə onun əldə etdiyi nəticəni bir-birindən ayırmaq lazımdır.
Məsələn, “Sən məsuliyyətsizsən” demək əvəzinə, “Ev tapşırığını yerinə yetirməmisən, gəl səbəbini birlikdə araşdıraq” söyləmək daha faydalıdır.
“Bu halda səhv düzəldilməsi mümkün olan konkret problemə çevrilir. Uşaq başa düşməlidir ki, pis nəticə əldə etməsi onun pis insan olması demək deyil”, – deyə psixoloq yekunlaşdırıb.

