Yuxu rejiminə riayət etmək payız aylarında yaranan ruh düşkünlüyü ilə mübarizədə kömək edə bilər.
Bu barədə psixoloq və geştalt-terapevt Nadejda Şeqren “FederalPress”ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, yuxu rejiminin pozulması narahatlığı, yorğunluğu və halsızlığı artıra bilər.

“Başa düşmək vacibdir ki, bu vəziyyət psixikanın qış rejiminə keçidlə bağlı reaksiyasıdır və onu yaxşılaşdırmaq mümkündür. İlk və ən vacib qayda bu vəziyyətə sadəcə dözməyə çalışmamaq və məhsuldarlığın azalmasına görə özünü günahlandırmamaqdır. Payız həyat tempinin nisbətən yavaşladığı dövrdür. Özünüzə daha yavaş hərəkət etməyə icazə vermək zəiflik deyil, özünüzə qayğı göstərməkdir”, – deyə psixoloq bildirib.
Şeqren fiziki aktivliyin də əhval-ruhiyyəyə müsbət təsir göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, gündə 20–30 dəqiqə sürətli gəzinti endorfinlərin ifrazını stimullaşdırmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edə bilər.

