Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırılacaq, sərnişinlərə daha sərfəli qiymətlərlə səyahət imkanı yaradılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, beynəlxalq istiqamətdə artan sərnişin tələbatını qarşılamaq məqsədilə marşrut üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılacaq.
Nəticədə sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək. Bu isə 46,1 faiz artım deməkdir.
Yeni reyslər sərnişinlərə 30 faiz daha ucuz səyahət etmək imkanı verəcək. Əlavə qatarlarda standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 manatdan başlayacaq.
Yeni tariflərə əsasən, Tbilisiyə bir istiqamət üzrə minimum gediş haqqı Bakıdan 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat təşkil edəcək.
Müqayisə üçün, hazırda “Stadler” vaqonlarının komfort sinfində Bakıdan Tbilisiyə minimum bilet qiyməti 77,5 manat, Gəncədən isə 56,8 manatdır.
ADY-nin məlumatına görə, əlavə reyslər sərnişinlərə yalnız gecə deyil, gündüz saatlarında da səyahət etmək imkanı yaradacaq.
Yeni hərəkət cədvəlinə əsasən:
Mövcud qatar Bakıdan saat 23:10-da yola düşərək növbəti gün 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə qatar Tbilisidən saat 11:00-da hərəkət edəcək və 20:26-da Bakıya çatacaq.
Əlavə qatar isə hər gün Bakıdan saat 09:10-da yola düşərək 19:11-də Tbilisiyə çatacaq. Geri dönüş reysi 22:00-da başlayacaq və qatar növbəti gün 07:57-də Bakıya çatacaq.
Beləliklə, sərnişinlər səfər planlarına uyğun olaraq gündüz və gecə reysləri arasında seçim edə biləcəklər.

