Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyanın Neapol şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finala gedən yolda Xorvatiya təmsilçisi Kristian Butuçini, fransalı Aleksi Renarı və ukraynalı Qaqik Martirosyanı məğlub edib.
Həlledici qarşılaşmada Rəhimov Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.
Beləliklə, İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub.
Maraqlıdır ki, Azərbaycan cüdoçusu 2025-ci ildə də finalda eyni rəqibi – Yoxem van Harteni məğlub edərək qızıl medal qazanmışdı.
Qeyd edək ki, Neapolda keçirilən yarışda 36 ölkədən 275 cüdoçu iştirak edir.

