Türkiyənin Samsun şəhərində bir neçə evə ziyan vuran PUA-nın Ukraynaya məxsus olduğu məlum olub. Bu barədə Doğru Haber məlumat yayıb.
Məlumata görə, “Maya” adlı pilotsuz uçuş aparatı Krasnodar diyarına doğru hərəkət edərkən kursdan çıxa bilərdi. Bunun texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.
Hadisə yerində çalışan mütəxəssislər partlayan PUA-nın hissələrini toplayıblar. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, aparatın çəkisi təxminən 25 kiloqram olub.
Daha əvvəl bildirilmişdi ki, Samsunun İlkadım rayonunun sakinləri səhər tezdən güclü səslərə oyanıblar. Az sonra onlar küçədə pilotsuz aparatın qalıqlarını aşkar ediblər.
Hadisə nəticəsində iki evin dam örtüyü zədələnib, pəncərələrin şüşələri sınıb. Əraziyə polis, yanğınsöndürənlər və tibb işçiləri cəlb olunub.

