Fransada Paris və Lionun nüfuzlu kitabxanalarından rus klassiklərinə aid nadir kitabları oğurlayan şəxslər həbs cəzasına məhkum edilib. Bu barədə Le Monde məlumat yayıb.
Məlumata görə, cinayət işi üzrə Gürcüstanın altı vətəndaşı təqsirli bilinib. Onlardan beşi maksimum yeddi ilədək həbs cəzasına məhkum olunub. Qrupun daha bir üzvü isə şərti cəza alıb.
Bildirilib ki, oğurluqda iştirak edən şəxslər kitabxanalara oxucu kimi daxil olaraq nadir və qiymətli nəşrlərlə işləmək üçün müraciət ediblər. Onlar yerindəcə kitabların fotolarını çəkib, ölçülərini götürüblər.
Daha sonra həmin şəxslər kitabxanalara qayıdaraq orijinal nəşrlərin bir hissəsini keyfiyyətli surətlərlə əvəz ediblər.
Oğurlanan kitablar arasında Aleksandr Puşkin, Mixail Lermontov və Yevgeni Baratınski kimi rus klassiklərinin əsərləri olub.

