ABŞ-nin Texas ştatında qeyri-adi yol qəzası baş verib. Orange dairəsində 400 arı pətəyi daşıyan yük maşınının qoşqusu aşıb.
Qəzadan sonra təxminən 24 milyon bal arısı əraziyə yayılıb. Hadisə nəticəsində arı sancması və ya ciddi xəsarət faktı qeydə alınmayıb.
Orange dairəsinin Fövqəladə Hallar Xidmətindən bildirilib ki, sakinlərə evlərində qalmaq tövsiyə olunub.
“Xaiş olunur, evdə qalın. Arı pətəkləri daşıyan 18 təkərli yük maşını aşıb. Ərazidə çox sayda arı var”, — deyə qurumun açıqlamasında qeyd edilib.
Qəzadan sonra hadisə yerinə yaxın yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Xilasedicilər qoşqunu boşaltmağa və mümkün qədər çox pətəyi xilas etməyə çalışıblar.
Rəsmilər arıların ərazidən tam təmizlənməsinin müəyyən vaxt aparacağını bildiriblər. Pətəklərin sahibinin isə hələlik müəyyən edilmədiyi açıqlanıb.

