Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı 40 günlük təsir əməliyyatını təsdiqlədiyini bildirib.
Onun sözlərinə görə, qərar general-mayor Yevgeni Xmaranın Ukrayna Təhlükəsizlik Xidmətinin fəaliyyəti, xüsusilə “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin işi barədə məruzəsindən sonra qəbul edilib.
Zelenski həmçinin uzunmüddətli və ortamüddətli sanksiya planlarının icrası ilə bağlı məlumatların da nəzərdən keçirildiyini qeyd edib.
Ukrayna lideri əməliyyatın məqsədinin Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olduğunu bildirib.
O əlavə edib ki, son aylarda Ukrayna Təhlükəsizlik Xidməti müxtəlif tipli pilotsuz uçuş aparatlarının tətbiqi sayəsində cəbhədə yüksək effektivlik nümayiş etdirir. Zelenskinin sözlərinə görə, “Alfa” xüsusi bölməsi qarşı tərəfin canlı qüvvəsi və texnikasının sıradan çıxarılması göstəricilərinə görə ön sıralardadır.

