ABŞ qüvvələri İranın Larak adasına zərbə endirib. Hücumun məqsədinin İran qüvvələrinin Hörmüz boğazında mina yerləşdirməsinin qarşısını almaq olduğu bildirilib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, Amerika qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mina yerləşdirən bölmələrinə qarşı “məhdud və dəqiq əməliyyat” həyata keçirib.
CENTCOM əməliyyatın Hörmüz boğazında yaranmış birbaşa təhlükəni aradan qaldırmaq məqsədi daşıdığını bildirib. ABŞ tərəfi daha əvvəl də İranın boğazda mina yerləşdirmək cəhdlərindən danışmış və burada ticarət gəmilərinin hərəkətinin qorunmasını əsas məqsədlərindən biri kimi göstərmişdi.
ABŞ komandanlığı zərbənin mülki dənizçiləri, kommersiya gəmiçiliyini və dünya ticarətinin sərbəst hərəkətini qorumaq məqsədilə həyata keçirildiyini bəyan edib.
Məlumata görə, ABŞ qüvvələri avqustun 30-dan 31-nə keçən gecə Larak adasındakı İranın hərbi obyektlərini hədəfə alıb. Bu, iyulun sonundan bəri ABŞ-nin İrana qarşı ilk zərbəsi kimi təqdim olunur. Son həftələrdə ABŞ Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün hərbi mövcudluğunu gücləndirib.

