Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəməndəki husilərin ölkənin şərq bölgəsinə ballistik raket atdığını açıqlayıb.
Koalisiyanın sözçüsü, general-mayor Turki əl-Maliki bildirib ki, hava hücumundan müdafiə sistemləri raketi hədəfə çatmadan məhv edib.
Onun sözlərinə görə, raket İranın dəstəklədiyi husilər tərəfindən Yəmən ərazisindən buraxılıb.
Hücumla əlaqədar Səudiyyə Ərəbistanının Şərq bölgəsində və Nəcran əyalətində erkən xəbərdarlıq sistemləri işə salınıb. Mülki Müdafiə İdarəsi sakinləri mümkün təhlükə barədə xəbərdar edib.
Daha sonra hər iki bölgədə təhlükənin sovuşduğu elan olunub. Hücum nəticəsində ölənlər və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.

