Professor Fəridə Səfiyovanın İrəvanın tarixinə və azərbaycanlıların bölgədəki zəngin tarixi-mədəni irsinə həsr olunmuş iki kitabı ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib.
Denmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fakt kitabxananın müəllifə ünvanladığı rəsmi məktubla təsdiqlənib.
Kitablardan biri – “IRAVAN Through the Language of Historical Documents” (“İrəvan tarixi sənədlərin dili ilə”) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ingilis dilində nəşr olunub.
İkinci kitab – “İrəvan: tarixin əks-sədası və itirilmiş irs” Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilib.
Nəşrlərdə İrəvanın tarixi arxiv sənədləri, fotoşəkillər, şəxsi və ailə arxivləri, eləcə də genealoji materiallar əsasında təqdim olunur.
Kitablarda həmçinin geniş ictimaiyyətə və elmi dairələrə əvvəllər məlum olmayan bir sıra sənədlər də dərc edilib.
Qeyd edək ki, “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatları oktyabrın 11-də Nyu-Yorkda, oktyabrın 16-da isə Vaşinqtonda keçirilib.

