Qış Olimpiya Oyunlarının açılış mərasimi cümə axşamı axşam saatlarında İtaliyanın şimalında keçiriləcək.
Plana əsasən, mərasim Milan şəhərində yerli vaxtla saat 20:00-da başlayacaq. Səhnədə çıxış edəcək sənətçilər arasında italiyalı müğənni Andrea Bocelli, beşqat “Grammy” mükafatı laureatı Maraya Keri, “Ən yaxşı mahnı” nominasiyasında “Qızıl Qlobus” mükafatı alan Laura Pausini, italiyalı rep ifaçısı Ghali və çinli pianoçu-virtuoz Lan Lan yer alır. Tədbirdə həmçinin italiyalı aktyorlar Pierfrançesko Favino, Sabrina İmpaççatore və Matilda De Ancelis iştirak edəcəklər.
Açılış mərasiminin mövzusu “harmoniya” olacaq. Tədbirə giriş biletlərinin qiyməti 260 avrodan başlayaraq 2 min avroya qədər yüksəlir.
Açılış mərasimində bir sıra ölkələrin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Xüsusilə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens cümə axşamı həyat yoldaşı Uşa və övladları ilə birlikdə İtaliyaya səfər edib və ABŞ qadın hokkey komandasının Çexiya yığması ilə oyununu izləyib. Mərasimdə həmçinin ABŞ-ın dövlət katibi Marko Rubio və ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertittanın da iştirakı nəzərdə tutulur.
Bundan əlavə, açılış mərasimində İtaliya prezidenti Sercio Mattarella və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri də iştirak edəcək.
Qış Olimpiya Oyunları fevralın 22-dək davam edəcək.

