Florentino Peres 2030-cu ilədək Madrid “Real”ının prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcək. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Seçkilərdə o, Enrike Rikelmeni qabaqlayıb. İlkin məlumatlara görə, Peres seçicilərin 65,95 faizinin səsini qazanıb.
2009-cu ildən fasiləsiz olaraq “Real”a rəhbərlik edən funksioner daha əvvəl 2000–2006-cı illərdə də klub prezidenti postunu tutub. Onun rəhbərliyi dövründə komanda Çempionlar Liqasını 7 dəfə qazanıb. Madrid klubu həmçinin 7 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya Superkubokunu, 3 dəfə isə ölkə kubokunu əldə edib.
Seçkilərdə qələbədən sonra Peres Roma Papası XIV Leoya Madrid klubunun onun adı və 1 nömrəsi yazılmış formasını təqdim edəcəyini bildirib. O, bunu pontifikin “Real”a simpatiyası ilə əlaqələndirib.
Bundan əlavə, Peresin seçkilərdə qalib gəlməsi fonunda komandanın baş məşqçisi postuna Joze Mourinyonun gətirilə biləcəyi qeyd olunur. Klub prezidenti daha əvvəl “Liverpul”dan İbrahima Konate və “İnter”dən Denzel Dumfris kimi müdafiəçilərin transferini də anons etmişdi.

