“Nyu-York Niks” klubunun 53 ildən sonra ilk dəfə NBA çempionu olması şəhərdə böyük sevincə səbəb olub. Lakin azarkeşlərin bayramı qısa müddətdə xaosa çevrilib.

Klubun tarixi qələbəsindən sonra minlərlə azarkeş Nyu-York küçələrinə çıxıb. Şəhərin müxtəlif yerlərində, xüsusilə Manhetten və Tayms-skver ətrafında izdiham yaranıb, nəqliyyatın hərəkəti pozulub.

Məlumata görə, bəzi azarkeşlər küçələri bağlayıb, məktəb avtobuslarına ziyan vurub və nəqliyyat vasitələrindən birini yandırıblar. Polis iğtişaşların qarşısını almaq üçün əraziyə əlavə qüvvələr cəlb edib.
Hadisələr zamanı bir neçə nəfərin xəsarət aldığı, azı 10 polis əməkdaşının yaralandığı bildirilir. Yerli mətbuatın məlumatına görə, polis onlarla şəxsi saxlayıb. İlkin məlumatlarda 56 nəfərin saxlanıldığı qeyd olunsa da, daha sonra bu rəqəmin 63 nəfərə çatdığı bildirilib.

“Nyu-York Niks” sonuncu dəfə NBA çempionluğunu 1973-cü ildə qazanmışdı. Komandanın 53 illik fasilədən sonra yenidən çempion olması şəhərdə böyük coşqu yaratsa da, bayram tədbirlərinin bir hissəsi zorakılıq və dağıntılarla yadda qalıb.


