“Barselona” futbol klubu 2026/2027 mövsümü üçün ikinci oyun formasını rəsmi saytında təqdim edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni forma dəstinə yenilənmiş “Kamp Nou” stadionuna həsr olunan klassik ev forması, həmçinin NBA əfsanəsi Kobi Brayantın xatirəsinə hazırlanmış “Qara Mamba” üslubunda bənövşəyi səfər forması daxildir.
Forma qızılı-bənövşəyi rənglərdə, qara detallarla və ilan dərisini xatırladan 3D tekstura ilə hazırlanıb. Dizaynda Kobi Brayantla bağlı xüsusi loqodan da istifadə olunub.
Klubun açıqlamasında bildirilib ki, komandanın səfər forması Nike və Kobe Bryant brendləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Ötən mövsüm başlayan tərəfdaşlığın ikinci mərhələsi rəqabətədavamlılıq, ambisiya və mükəmməlliyə can atmaq kimi ortaq dəyərlər üzərində qurulan strateji əməkdaşlığı daha da gücləndirir.
Yaradıcı kampaniyanın əsas ideyası zəhmət, məqsədyönlülük və şəxsi sərhədləri daim aşmaq nəticəsində yaranan özünəinamdır.
Klub qeyd edib ki, bu yanaşma həm “Barselona”nın rəqabət ruhunu, həm də Kobi Brayantın irsini əks etdirir. Həm klub, həm də əfsanəvi basketbolçu daha böyük zirvələrə çatmaq üçün mübarizəni davam etdirmək əzmini bölüşür.

