Azərbaycanda Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların qiymətində artım müşahidə olunur.
Bu barədə DenMedia.az Xəzər.TV-ə istinadən xəbər verir.
Məlumata görə, hazırda paytaxt bazarlarında və kəsim məntəqələrində qoyunların minimum qiyməti 300 manatdan başlayır. Ötən il bu göstərici təxminən 250-280 manat arasında dəyişirdisə, bu il qiymətlər 300-340 manata qədər yüksəlib.
Diri çəkidə satış zamanı isə bir kiloqramın qiyməti heyvanın köklüyündən asılı olaraq 9,5-11 manat arasında dəyişir.
Bölgələrdə qiymətlər ənənəvi olaraq paytaxtla müqayisədə daha aşağıdır. Fermer təsərrüfatlarından birbaşa gətirilən xırdabuynuzlu heyvanları rayonlarda 250-270 manata almaq mümkündür. Bununla belə, ötən illə müqayisədə bahalaşma ölkənin bölgələrində də hiss olunur.
Satıcıların sözlərinə görə, qiymət artımı fonunda bu il alıcılıq qabiliyyəti və ümumi tələbat əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.

