ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım İdarəsinin OTA nümayəndə heyəti və Əmanətlərin Sığortalanması Fondunun təmsilçiləri Bakıda bir sıra görüşlər keçiriblər. Bu barədə Fondun mətbuat xidməti məlumat yayıb.
Görüşlərdə əmanətlərin sığortalanması sisteminin institusional fəaliyyəti, maliyyə sabitliyi mexanizmləri, sığorta hadisələri zamanı koordinasiya yanaşmaları, hüquqi baza, riskəsaslı idarəetmə prinsipləri və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.
Tərəflər həmçinin rəqəmsal maliyyə alətlərinin, elektron pulların və rəqəmsal aktivlərin tənzimlənməsi üzrə beynəlxalq təcrübələri, eləcə də dövlət qurumları arasında informasiya mübadiləsi mexanizmlərini nəzərdən keçiriblər.
Görüş zamanı böhran vəziyyətlərində operativ qərarların qəbulunun, ictimai kommunikasiya işinin təşkilinin və əmanətçilərin hüquqlarının qorunmasının vacibliyi vurğulanıb.
Tərəflər gələcək texniki əməkdaşlıq, təcrübə mübadiləsi və institusional potensialın gücləndirilməsi perspektivlərini də müzakirə ediblər.

