Azərbaycan Qiymətləndiricilər Palatası 2026-cı ilin iyun ayı üzrə daşınmaz əmlak indekslərini açıqlayıb.
Palatanın məlumatına görə, bazarda mülayim və dayanıqlı artım tendensiyası qorunub. İyun ayında ümumi bazarın vəziyyətini əks etdirən kompozit indeks 106,7 bənd təşkil edib. Bu, may ayı ilə müqayisədə 0,7 faiz, 2025-ci ilin dekabrı ilə müqayisədə isə 6,7 faiz artım deməkdir.
Ən nəzərəçarpan artım yenə torpaq sahələri bazarında qeydə alınıb. Bu seqment üzrə indeks 118,1 bəndə çatıb. Palata bunu premium torpaq sahələrinə və iri tikinti layihələri üçün nəzərdə tutulan ərazilərə tələbatın yüksək qalması ilə izah edir.
Mənzil bazarında da müsbət dinamika davam edib. Yeni tikililərdə mənzillərin qiymət indeksi 104,8 bənd, köhnə yaşayış fondunda isə 104,0 bənd təşkil edib. Fərdi yaşayış evləri üzrə indeks 104,7 bənd səviyyəsində qərarlaşıb. Palatanın qiymətləndirməsinə görə, fərdi evlərin qiyməti əsasən torpaq sahələrinin bahalaşmasından təsirlənir.
Kommersiya daşınmaz əmlakı bazarında satış indeksi 104,8 bəndə yüksəlib. Kommersiya obyektlərinin icarəsi üzrə indeks isə 104,9 bənd təşkil edib ki, bu da may ayındakı artımdan sonra bazarda sabitləşmə meylinin müşahidə olunduğunu göstərir.
Yaşayış mənzillərinin icarə bazarında isə ciddi dəyişiklik olmayıb. Yeni tikililərdə kirayə indeksi 101 bənd, köhnə yaşayış fondunda isə 100 bənd səviyyəsində qalıb.
Əvvəlki aylarda aktiv artım göstərən qaraj bazarında da iyunda daha mülayim dinamika qeydə alınıb. Bu seqment üzrə indeks 110,6 bənd təşkil edib.
Palatanın qiymətləndirməsinə görə, 2026-cı ilin ikinci yarısında daşınmaz əmlak bazarında kəskin qiymət dəyişiklikləri gözlənilmir. Artımın əsasən torpaq sahələri və premium seqment hesabına davam edəcəyi ehtimal olunur.

