Fransada, qətli ölkə gündəmini sarsıdan 11 yaşlı Liannanın dəfn mərasimi keçirilib.
Bu barədə France 24 məlumat yayıb.
Mərasim ölkənin cənub-qərbində baş tutub. Uşaqla vidalaşmaq üçün yüzlərlə insan dəfn mərasiminə qatılıb.
Qızın meyiti ötən həftə tapılmışdı. O, 29 mayda itkin düşmüşdü.
Hadisə üzrə əsas şübhəli şəxs qurbanın məktəb yoldaşının atası, 41 yaşlı Jerom Barella hesab olunur.
İctimai narazılıq xüsusilə bundan sonra artıb ki, qonşularının qapalı və qəribə biri kimi xarakterizə etdiyi həmin şəxsin əvvəllər iki dəfə azyaşlıya qarşı zorakılıqda ittiham olunduğu, lakin hər iki işin dayandırıldığı məlum olub.
Bu hadisədən sonra Fransanın müxtəlif bölgələrində etiraz aksiyaları keçirilib. Aksiyalarda təxminən 60 min nəfər iştirak edib.
Fransa Prezidenti Emmanuel Makron bu işin vətəndaşların dövlət institutlarına etimadını ciddi şəkildə sarsıtdığını etiraf edib.
Qızın doğulduğu şəhərdə matəm əlaməti olaraq bayraqlar endirilib. Onun sonuncu dəfə görüldüyü məktəbin qarşısına isə sakinlər gül dəstələri və uşaq oyuncaqları qoyublar.

