Amerikalı teleaparıcı və jurnalist Savanna Qatrinin anası Nensi Qatrinin oğurlandıqdan sonra öldüyü iddia olunur.
Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, 84 yaşlı Nensi Qatrinin ölümü barədə ailəyə oğurluqda şübhəli bilinən şəxslər məlumat veriblər. Onlar teleaparıcının ailəsinə iki qeyd göndəriblər.
Birinci qeyddə ailədən bitkoinlə fidyə tələb edildiyi, ikinci qeyddə isə Nensi Qatrinin öldüyü bildirilib.
Qeyd olunur ki, göndərilən mesajlarda oğurluqda şübhəli bilinən şəxslər teleaparıcının ailəsindən üzr istəyərək, qadının ölümünə səbəb olmaq istəmədiklərini yazıblar.
Pima dairəsi şerif departamenti qeydlərin məzmununu şərh etməkdən imtina edib, lakin araşdırmanın davam etdiyini bildirib.
Fevral ayında Savanna Qatri video müraciət yayımlayaraq anası Nensi Qatri barədə məlumat verən şəxsə 1 milyon dollar mükafat vəd etmişdi.
Jurnalistin anası 1 fevralda ABŞ-ın Arizona ştatındakı evindən izsiz yoxa çıxıb. Onun oğurlanmış ola biləcəyi ehtimal edilirdi.

