Albalı çəyirdəyinin tərkibində amiqdalin adlı zəhərli maddə var. Bu barədə NEWS.ru-ya ümumi praktika həkimi Yelena Pavlova məlumat verib.
Həkimin sözlərinə görə, ölümcül doza bir dəfəyə 350-700 ədəd çeynənmiş albalı çəyirdəyi hesab olunur. O qeyd edib ki, bütöv şəkildə udulan çəyirdəklər təhlükəli sayılmır, çünki onlar orqanizmdən təbii yolla xaric olur.
Pavlova bildirib ki, təhlükə əsasən çəyirdəyin içindəki nüvənin çeynənməsi zamanı yaranır. Onun sözlərinə görə, hər bir sərt çəyirdəyin içində amiqdalin adlı təbii sianogen qlikozid var.
“Çəyirdək dişlə qırıldıqda amiqdalin fermentlərlə reaksiyaya girir və sianid turşusuna çevrilir. Çəkisi 70 kiloqram olan yetkin insan üçün sianidin ölümcül dozası 70-140 milliqramdır. Bu isə o deməkdir ki, ölümcül nəticə üçün bir dəfəyə 350-700 çəyirdəyi qırıb yemək lazımdır”, — deyə həkim izah edib.
Onun sözlərinə görə, albalı çəyirdəyi bütöv şəkildə udularsa, təhlükə yaratmır. Belə halda çəyirdək mədə-bağırsaq sistemindən keçərək zəhərli maddə ifraz etmədən orqanizmdən xaric olur.
Pavlova əlavə edib ki, albalıdan hazırlanan mürəbbə və kompot da təhlükəli deyil. Çünki bişirmə zamanı yüksək temperatur amiqdalini parçalayır, mayedə isə bu maddənin miqdarı çox az olur.
Həkim bildirib ki, bir neçə çəyirdəyi təsadüfən çeynəyən şəxslərin panikaya düşməsinə ehtiyac yoxdur. Yetkin insan orqanizmi az miqdarda toksinin öhdəsindən gələ bilir.

Bununla belə, uşaqlar bədən çəkisinin az olması səbəbindən zəhərə qarşı daha həssasdırlar. Lakin həkimin sözlərinə görə, onlarda da narahatlıq yaranması üçün bir neçə onlarla çeynənmiş çəyirdəyin yeyilməsi lazımdır.
Zəhərlənmə əlamətlərinə başgicəllənmə, ürəkbulanma, halsızlıq və nəfəsalmada çətinlik daxildir.
Pavlova qeyd edib ki, albalı çəyirdəyi ilə real zəhərlənmə halları çox nadirdir və adətən çoxlu sayda çəyirdəyin çeynənməsi ilə bağlı olur.

