Palma yağının damarları tıxadığını düşünmək düzgün deyil. Tərkibindəki doymamış yağ turşularının ürək-damar sistemi üçün faydalı və iltihabəleyhinə təsirə malik olduğu bildirilir.
Bu barədə “Sağlam Qidalanma” Elmi-Tədqiqat Mərkəzinin icraçı direktoru, dietoloq və qastroenteroloq Nuriya Dianova NEWS.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, palma yağının zərərli olması ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlər mövcuddur.
“Palma yağının damarları dərhal tıxayan ağır yağlardan ibarət olması barədə mif formalaşıb. Əslində, onun təbii tərkibinə nəzər saldıqda fərqli mənzərə ortaya çıxır. Tərkibindəki doymamış yağ turşuları ürək-damar sisteminə müsbət təsir göstərir və iltihabəleyhinə xüsusiyyətlərə malikdir”, – deyə Dianova bildirib.
Dietoloq qeyd edib ki, həkimlər doymuş yağların qəbulunu məhdudlaşdırmağı tövsiyə etsələr də, onlardan tamamilə imtina etməyi vacib hesab etmirlər.
Onun sözlərinə görə, ucuz və yüksək dərəcədə rafinə edilmiş palma yağı əsasən qida sənayesində istifadə üçün nəzərdə tutulub.
Mütəxəssis palma yağının təbii xüsusiyyətlərinin onu qənnadı məhsullarının istehsalı üçün əlverişli etdiyini də vurğulayıb.
Belə ki, palma yağı vafli, peçenye və şirələrin hazırlanmasında geniş istifadə olunur.

“Palma yağının unikal fiziki-kimyəvi xüsusiyyəti onun təbii olaraq yarımbərk konsistensiyaya malik olmasıdır. Buna görə hidrogenləşdirməyə ehtiyac yoxdur. İstehsalçılar maye yağları palma yağı ilə əvəz edərək məhsulun sabit quruluşunu təmin edə bilirlər”, – deyə həkim izah edib.
Dianova əlavə edib ki, təbii antioksidantlarla zəngin olması palma yağının oksidləşməyə qarşı davamlılığını da artırır.

