Yağlı və rafinə olunmuş qidalar bağırsaq mikrobiotasına mənfi təsir göstərərək depressiya və narahatlıq pozuntularının inkişafına səbəb ola bilər.
Bunu NEWS.ruya açıqlamasında M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin Farmakologiya kafedrasının müdiri, “Sağlam qidalanma” Elmi-Tədqiqat Mərkəzinin elmi rəhbəri Oleq Medvedev bildirib.
Onun sözlərinə görə, mental sağlamlıq üçün ən faydalı qidalanma lif, mürəkkəb karbohidratlar, təbii antioksidantlar və omeqa-3 yağ turşuları ilə zəngin menyu hesab olunur.
“Psixi sağlamlıq üçün ən əlverişli rasion qida lifləri, mürəkkəb karbohidratlar, polifenollar, omeqa-3 yağ turşuları və fermentləşdirilmiş məhsullarla zəngin olan qidalanmadır. Belə qidalanma mikrobların müxtəlifliyini dəstəkləyir. Həmçinin qısa zəncirli yağ turşularının istehsalını artırır və iltihabın azalmasına kömək edir. Bunun əksinə olaraq, ultra emal olunmuş məhsulların, doymuş yağların və rafinə karbohidratların çox olduğu Qərb tipli qidalanma mikrob müxtəlifliyinin azalması ilə əlaqəlidir. Bu, qısa zəncirli yağ turşuları istehsal edən bakteriyaların sayını azaldır, bağırsaq keçiriciliyini və xroniki iltihabı artırır. Bu isə depressiya və narahatlıq riskini yüksəldir”, deyə Medvedev izah edib.
O qeyd edib ki, Aralıq dənizi pəhrizi depressiya əlamətləri ilə mübarizəyə kömək edir, həmçinin beynin fəaliyyətini və emosional vəziyyəti yaxşılaşdırır.
Professorun sözlərinə görə, giləmeyvə, kakao, çay və qəhvənin tərkibində olan polifenollar bağırsaq bakteriyaları tərəfindən emal edildikdən sonra güclü antioksidant təsirə malik aktiv birləşmələrə çevrilir.
“Xüsusilə Aralıq dənizi tipli qidalanma faydalıdır. O, faydalı bakteriyaların miqdarını artırır, qısa zəncirli yağ turşularının sintezini gücləndirir və iltihab markerlərinin səviyyəsini azaldır. Müşahidə və klinik tədqiqatlar bu pəhrizi depressiv simptomların azalması, koqnitiv və emosional rifahın dəstəklənməsi ilə əlaqələndirir. Giləmeyvə, kakao, çay və qəhvədə olan polifenollar mikrobiota tərəfindən metabolizə olunduqdan sonra antioksidant və neyroaktiv xüsusiyyətlərə malik bioaktiv birləşmələrə çevrilir. Fermentləşdirilmiş məhsullar və probiotiklər də faydalı ola bilər: onlar serotonin sələfləri də daxil olmaqla neyroaktiv maddələrin sintezinə təsir göstərir”, deyə Medvedev bildirib.

