Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar bəzi qida və içkilərin qəbulunu məhdudlaşdırmalıdırlar.
Bu barədə kardioloq Andrey Kondraxin NEWS.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, ürək problemi olan şəxslər ilk növbədə kolbasa, sosiska və digər emal olunmuş ət məhsullarından uzaq durmalıdırlar. Bu məhsulların tərkibində gizli yağlar çoxdur.
“Qidalanmada tarazlığı qorumaq vacibdir. Ürək xəstəlikləri zamanı kolbasa və sosiskadan tamamilə imtina etmək lazımdır. Qəhvə qəbulunu isə məhdudlaşdırmaq tövsiyə olunur. Gündə bir fincan qəhvə problem yaratmaya bilər. Enerji içkiləri, spirtli və şəkərli içkilərdən isə uzaq durmaq lazımdır”, – deyə kardioloq bildirib.

Mütəxəssis həmçinin tez həzm olunan karbohidratların, xüsusilə şəkərli qidaların qəbulunu azaltmağı tövsiyə edib. Onun sözlərinə görə, bu məhsulların həddindən artıq istehlakı qan dövranına mənfi təsir göstərə bilər.
Həkim ədviyyatlardan istifadəyə də diqqət yetirməyin vacibliyini vurğulayıb.
“İnsan bu qida və içkilərin qəbulunu azaltmasa, orqanizmdə xolesterin toplana və müxtəlif sağlamlıq problemləri yarana bilər. Xüsusilə yağlı qidalarla birlikdə spirtli içki qəbul etmək orqanizmi daha da yükləyir”, – deyə Kondraxin əlavə edib.

