Həddindən artıq qırmızı ət yemək bağırsaq xərçəngi riskini artıra bilər. Buna görə mütəxəssislər həftə ərzində istehlak edilən qırmızı ətin miqdarını məhdudlaşdırmağı tövsiyə edirlər.
Bu barədə tibb elmləri namizədi, onkoloq Anastasiya Fatyanova NEWS.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, mal və qoyun əti zülal, dəmir, sink və B12 vitamini ilə zəngindir. Lakin bu məhsulların tez-tez və çox miqdarda istehlakı bağırsaq xərçəngi ehtimalını artıra bilər.
“Xərçəng riskini azaltmaq üçün həftədə təxminən 350–500 qram bişmiş qırmızı ət yemək tövsiyə olunur. Qidalanmada balıq, quş əti, paxlalılar, tərəvəz, meyvə və tam taxıllı məhsullara da yer vermək lazımdır”, – deyə mütəxəssis bildirib.
Onkoloq kolbasa, sosiska və digər emal olunmuş ət məhsullarına da diqqət çəkib. Onun sözlərinə görə, bu məhsulların hazırlanmasında istifadə edilən bəzi maddələr bağırsaq hüceyrələrinin DNT-sinə zərər verə bilən birləşmələrin yaranmasına səbəb ola bilər.

Həkim kabab və açıq odda bişirilən ətlə bağlı da xəbərdarlıq edib. Bildirib ki, yüksək temperaturda və ətin yağı közün üzərinə damcıladıqda sağlamlıq üçün zərərli maddələr yarana bilər.
Mütəxəssis xüsusilə çox yanmış və qaralmış ət hissələrini yeməməyi tövsiyə edib. Bununla belə, belə yeməklərlə insanlarda xərçəngin yaranması arasındakı birbaşa əlaqənin hələ də araşdırıldığını vurğulayıb.

