Tərtər rayonunda baş vermiş silahlı insident müharibə iştirakçılarının üzərində silah gəzdirməsi və qanunsuz silah saxlama məsələsini yenidən gündəmə gətirib. Məlumata görə, 1990-cı il təvəllüdlü, 2-ci Qarabağ müharibəsi qazisi Beyrək Quliyev həmkəndlisi, 1992-ci il təvəllüdlü şəxsə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.
Bəs qanunsuz silah saxlamağın cəzası nədir? Müharibədən sonra gizli şəkildə silahların veteranların əlində qalmasının qarşısını necə almaq olar? Hüquq-mühafizə orqanları bu riski necə tənzimləyir?
Den.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan vəkil Asim Abbasov bildirib ki, baş verən hadisə hüquqi və sosial baxımdan çoxsaylı suallar doğurur:
“Bu cür hallar bir daha sübut edir ki, cəmiyyətdə qanunsuz silah dövriyyəsi təkcə cinayət faktı deyil, həm də insan həyatı üçün real təhlükədir. Xüsusilə müharibə iştirakçılarının, yəni silahı həm də psixoloji yük kimi daşıyan insanların davranışları bəzən proqnozlaşdırılmaz olur”.
Asim Abbasov
Asim Abbasov bildirib ki, Cinayət Məcəlləsinin 228-ci maddəsində bu məsələ ilə bağlı konkret cəzalar nəzərdə tutulub:
“Məcəllənin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun hissələri, döyüş sursatları, partlayıcı maddələr və qurğuların əldə edilməsi, saxlanması, daşınması və ya gəzdirməsinə görə – iki ilədək islah işləri, ya da iki ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Əgər bu əməllər təkrar, qrup halında və ya qulluq mövqeyindən istifadə etməklə törədilərsə (228.2), cəza üç ildən beş ilədək azadlıqdan məhrumetməyə qədər artır”.
Vəkilin sözlərinə görə, qanunsuz silahları könüllü təhvil verən şəxslər – əgər əməllərində başqa cinayət tərkibi yoxdursa cinayət məsuliyyətindən azad edilə bilərlər:
“Hətta qaz silahı, soyuq və ya atıcı silahların qanunsuz əldə olunması, saxlanması və daşınması da qanunla qadağandır. Bu hallar 320 saatdan 400 saata qədər ictimai işlər, iki ilədək islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə nəticələnə bilər”.
Rəşad Rza
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza da bildirib ki, Cinayət Məcəlləsinin 228-ci maddəsi qanunsuz odlu silah saxlama və gəzdirmə hallarına qarşı sərt cəzalar nəzərdə tutur:
“Bu maddənin 1-ci bəndinə əsasən, iki ilədək islah işi, yaxud bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək həbs cəzası tətbiq olunur. Əgər bu əməllər mütəşəkkil dəstə tərəfindən törədilirsə, cəza beş ildən səkkiz ilədək azadlıqdan məhrumetməyə qədər artır”.
Ekspertin fikrincə, bu məsələdə təkcə cəza tədbirləri deyil, maarifləndirmə və post-müharibə dövrü psixoloji dəstək də mühüm rol oynamalıdır:
“Silah təkcə güc deyil, böyük məsuliyyətdir. Onu daşıyan şəxsin psixoloji vəziyyəti, hazırlığı və niyyəti də nəzərə alınmalıdır”.