Nigerin Assamaka yaşayış məntəqəsindən təxminən 80 kilometr qərbdə yerləşən ucqar ərazidə 49 nəfər susuzluqdan ölüb.
Bu barədə BFMTV məlumat yayıb.
Telekanalın məlumatına görə, faciəyə səyahət edən qrupun hərəkət etdiyi nəqliyyat vasitəsinin xarab olması səbəb olub. Su ehtiyatı tükənən və avtomobili təmir edə bilməyən insanlar sərt səhra şəraitində çıxılmaz vəziyyətdə qalıblar.
Bildirilib ki, hadisə baş verən ərazidə ekstremal isti hava və su mənbələrinin olmaması sağ qalmağı demək olar ki, mümkünsüz edib.
Məlumata əsasən, bütün qrupdan yalnız 2 nəfər sağ qalıb. Onlar böyük məsafə qət etdikdən sonra su mənbəyinə çata biliblər. Bundan sonra əlaqə yaradaraq kömək çağırıblar.
Lakin qrupun digər üzvləri xilasetmə yardımını gözləyə bilməyib. Həlak olanların cəsədlərinin kütləvi məzarlıqlarda dəfn edildiyi bildirilir.

