Terapiya dəbi münasibətlərdə yeni problem yaradıb: tərəflər artıq bir-birini anlamaq əvəzinə, tez-tez diaqnoz qoymağa çalışırlar.
Psixoloq Nika İşmakova NEWS.ruya açıqlamasında bildirib ki, psixoloji mövzuların populyarlaşması faydalı olsa da, bəzi hallarda insanlar real emosiyaları klinik etiketlərlə əvəz etməyə başlayıblar.
Onun sözlərinə görə, psixoloji maarifləndirmə cəmiyyətə müəyyən üstünlüklər qazandırıb. İnsanlar artıq emosional zorakılığı daha yaxşı tanıyır, depressiya və uşaqlıq travmaları kimi mövzulara daha az damğa vururlar. Xüsusilə qadınlar öz yaşadıqları hissləri adlandırmaq və ifadə etmək imkanı qazanıblar.
Lakin problem o zaman başlayır ki, özünü analiz etmək münasibətin əsas məqsədinə çevrilir. İnsanlar bir-biri ilə real anları yaşamaq əvəzinə, qarşı tərəfin davranışlarını sonsuz şəkildə təhlil etməyə başlayırlar.
Məsələn, biri mesaja cavab vermirsə, dərhal “emosional olaraq əlçatan deyil” deyilir. Kimsə yorulub sakitlik istəyirsə, bu artıq “resursda deyil”, “separasiya lazımdır” kimi izah olunur. Beləliklə, adi insan emosiyaları belə klinik diaqnoza çevrilir.
“Nəticədə münasibətlərdən canlı, həqiqi istilik yox olur. Qısa videolar insanlara red flag axtarmağı, ‘narsist əlamətləri’ siyahısı tutmağı və ən kiçik narahatlıqda ‘toksik münasibətdən çıxmağı’ öyrədir”, deyə İşmakova bildirib.
Psixoloqun fikrincə, paradoks ondadır ki, insanlar hisslər haqqında nə qədər çox danışırlarsa, onları başqa biri ilə birlikdə sadəcə yaşamağa bir o qədər az imkan verirlər.
O qeyd edib ki, sosial şəbəkələr psixologiyanı kontentə çevirib. Bu prosesdə psixologiyanın ən sadə, ən cəlbedici və ən çox klik gətirən tərəfləri ön plana çıxarılır. Nəticədə insanlar münasibətlərə daha diqqətli yox, bəzən daha şübhəli və daha sərt yanaşmağa başlayırlar.
Əslində sağlam münasibətdə hissləri adlandırmaq vacibdir. Amma hər incikliyi travma, hər anlaşılmazlığı toksiklik, hər məsafəni isə emosional əlçatmazlıq kimi görmək münasibəti qorumaqdan çox, onu yükləyə bilər.
Münasibətlərdə psixoloji bilik faydalıdır, amma o, insanı daha anlayışlı etməlidir, daha çox ittiham edən yox. Bəzən ən doğru sual “bu insan toksikdir?” deyil, “biz bunu sakit şəkildə danışa bilərikmi?” sualıdır.

