Azərbaycanda şəxsin ölümündən sonra qanuni varisləri qalmazsa, onun əmlakı dövlət mülkiyyətinə keçir.
DenMedia.az xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlamasında vəkil Cavanşir Qasımzadə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın Mülki Məcəlləsinə əsasən, mirasın qəbul edilməsi növbəlilik prinsipi ilə həyata keçirilir. Əgər qanun üzrə və ya vəsiyyətnamə əsasında varis olmazsa, əmlak sahibsiz əmlak hesab edilir.
“Sahibsiz əmlak dövlət mülkiyyətinə keçir. Əgər həmin əmlakın qorunması, saxlanılması və ya idarə olunması üçün xərclər çəkilibsə, ilk növbədə həmin xərclər bu əmlak hesabına ödənilir”, — deyə vəkil bildirib.
O izah edib ki, zəruri prosedurlar yerinə yetirildikdən sonra əmlak, bir qayda olaraq, hərrac vasitəsilə satılır, əldə olunan vəsait isə dövlət büdcəsinə köçürülür.
Bununla yanaşı, əgər vəfat etmiş şəxsin banklara, təşkilatlara və ya fiziki şəxslərə ödənilməmiş borcları qalıbsa, həmin borclar əmlakın satışından əldə edilən vəsait hesabına ilk növbədə ödənilir. Yalnız bundan sonra qalan məbləğ büdcəyə daxil olur.
Hüquqşünasın sözlərinə görə, bu mexanizm eyni zamanda kreditorların hüquqlarını qorumağa və varissiz qalan əmlakdan qanuni şəkildə istifadəni təmin etməyə imkan verir.

