Rusiya dövlətinə bağlı “Rossiya Seqodnya” media holdinqinin baş redaktoru Marqarita Simonyan Rusiyada ictimai narazılıqların dərinləşə biləcəyinə dair xəbərdarlıq edib.
Den.az xəbər verir ki, o, “Rossiya 1” dövlət telekanalında yayımlanan proqram zamanı çıxışı ilə diqqət çəkib.
“Ukrayna və digərləri ölkəmizdə üsyan yaratmağa çalışırlar. Niyə bayram mövsümünün ən aktiv vaxtında hava limanlarımızı hədəfə alırlar? Niyə bu qədər dron Soçi və Siriusa göndərilir?” – deyə o, sual verib.
Simonyanın açıqlamaları Ukraynanın son həftələrdə Rusiya ərazisinə qarşı dron və kiberhücum taktikasını gücləndirdiyi dövrə təsadüf edir.
Qeyd edək ki, 28 iyulda Moskva ətrafındakı Şeremetyevo Beynəlxalq Hava Limanında ciddi gecikmələr yaşanıb. Rusiya milli aviaşirkəti Aeroflot kiberhücum səbəbilə 42 reysin təxirə salındığını açıqlayıb.
Bu hadisələr fonunda bəzi analitiklər Ukraynanın müharibə strategiyasını yalnız cəbhə xəttində deyil, Rusiya cəmiyyətinin psixoloji və sosial sabitliyini sarsıtmaq istiqamətində də dəyişdirdiyini qeyd edirlər.
Hazırda Rusiya Müdafiə Nazirliyi və Fövqəladə Hallar Xidməti regionlarda hava hücumlarına qarşı müdafiə sistemlərini gücləndirdiklərini bəyan edib.(Globalinfo.az)