"Trampın "sülh planı" Ukraynanı ərazi güzəştlərinə məcbur edir..."
Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bəyan edib ki, Vladimir Putini təkcə danışıqlarla dayandırmaq mümkün deyil, yeganə yol təzyiqdir.
DenMedia.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Ukraynanı yalnız güc xilas edə bilər..."
Onun sözlərinə görə, Kiyev müharibəni başlatmayıb, əksinə, atəşkəsə razılaşıb, sülh variantları axtarıb, amma Moskva prosesi daim pozub: danışıqları uzadıb, şəhərləri vurub, cəbhədə hücumları gücləndirib. Ötən həftə ərzində təkcə 3 mindən çox dron, 1300-ə yaxın idarəolunan bomba və 50 raket Ukrayna ərazisinə atılıb. Buna baxmayaraq, rəsmi Kiyev hava hücumundan müdafiəni gücləndirir, PURL proqramı və Qərblə silah əməkdaşlığı genişlənir.
Zelenski açıq deyir: "Putini danışıqla dayandırmaq olmaz, yalnız güc işə yarayır. Dünya da bunu görür. Biz terrorçulara mükafat verməyəcəyik. ABŞ, Avropa və G7-lərdən qətiyyət lazımdır". Amma bu çağırışlar fonunda Vaşinqtonda tam fərqli siyasi oyun gedir.
Trampın "sülh planı": "Tomaqawk"lar yox, güzəştlər
"The Times" və "Forbes"-in yazdıqlarına görə, Zelenskinin son ABŞ səfəri nəticəsiz bitib. O, "Tomahawk" qanadlı raketlərini almağa ümid edib, amma Donald Tramp rədd cavabı verib. Əvəzində isə Putinə yaxınlaşıb. Qəzetlər yazır ki, ABŞ lideri Qəzza vasitəçiliyində qazandığı uğurun eyforiyası ilə Ukrayna müharibəsinə də eyni yanaşmanı tətbiq etmək istəyir: "müharibəni dayandırmaq üçün Ukraynanı ərazi güzəştinə məcbur etmək".
Tramp açıq şəkildə bəyan edib ki, Budapeştdə Putinlə görüşə hazırlaşır və "sülh razılaşması" üçün Rusiyanın Ukraynanın təxminən 20 faizinə nəzarətini tanımaq mümkündür. Bu, Kiyev üçün açıq məğlubiyyət deməkdir. Britaniya diplomatlarının sözləri ilə desək, "ruslar bu dəfə Zelenskini qabaqladılar".
Zelenski yenə də taktiki dəyişiklik etməyə çalışıb - "Tomahawk" istəmədiyini deməklə başqa silahlar qoparmaq niyyətində olub. Lakin Kreml dərhal Avropada dron diversiyaları, ehtiyatların səfərbərliyə cəlbi, səfərbərlik kimi eskalasiya mesajları verib. Eyni zamanda Putin Trampı tərif yağmuruna tutaraq onu psixoloji olaraq "mükafatlandırıb".
Razılaşma, yoxsa tələ?
Görünən odur ki, Moskva ABŞ-la "sülh danışıqları" görüntüsündə vaxt qazanmağa çalışır. Rusiya mənbələri də etiraf edir ki, bu, real barış deyil, siyasi qambitdir. Məqsəd Kiyevi danışıqlardan imtina etməyə məcbur edib, Trampın səbrini Ukraynanın əleyhinə çevirməkdir. Putin hətta telofon danışığında Trampa Donbasın tam verilməsini şərt kimi irəli sürüb, əvəzində Zaporojye və Xersondan qismən imtina imkanını "jest" kimi göstərib.
Lakin "Donbas Qəzza deyil", - Qərb analitikləri xəbərdarlıq edir. Zelenski bu qədər böyük ərazi itkisinin altına imza ata bilməz. Və əgər Ukrayna "Tomahawk"sız qalarsa, "The Times"-ın dediyi kimi, "müharibə və ölümlər daha bir sərt qışa uzanacaq". Nəticə dəyişmir: diplomatiya tükənib. Qərb ya Ukraynaya real güc verəcək, ya da Moskva sülh masasını öz şərtləri ilə quracaq.(Moderator.az)