Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlığının növbəti partiyası Kiyevə təhvil verilib.
Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişçenko və digər rəsmi şəxslər iştirak ediblər.
Ümumi dəyəri 1 milyon dollar olan avadanlıq partiyasına 12 ədəd aşağı gərginlikli panel, 11 generator, 5 transformator, eləcə də təxminən 27 min metr kabel və naqil daxildir.
Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik AZƏRTAC-a açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyət ölkənin enerji infrastrukturunun bərpasına dəstəyi davam etdirir.
“Azərbaycan da Ukraynaya sistemli dəstək göstərir. Təhvil verilən enerji avadanlığı enerji və kritik infrastrukturun bərpasında, həmçinin tibb və digər sosial əhəmiyyətli obyektlərin elektriklə təminatında istifadə olunacaq”, — deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın Ukraynaya indiyədək göndərdiyi humanitar yardımın ümumi həcmi 45 milyon dolları ötüb.

