Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb.
Denmedia.az xəbər verir ki, ölkəmizdən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən göndərilib.
Bildirilib ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilir.
“Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Bu isə Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilir”.
Növbəti humanitar yardım karvanı 9 TIR-dan ibarətdir və bunlarda yaxın günlərdə Ukraynaya yola salınacaq.
“Ukraynanın müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.”
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev isə jurnalistlərə müsahibəsində deyib ki, Ukrayna göstərilən növbəti humanitar yardım üçün Azərbaycana minnətdardır.
"Mən Ukrayna üçün çox vacib və zəruri olan bu yardıma, dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bu avadanlıqlardan bütün elektrik sistemimizin bərpası üçün istifadə edirik".Bu, cari il ərzində elektrik avadanlıqlarından ibarət ikinci yardım paketidir. Ukrayna Azərbaycanın dəstəyini qiymətləndirir və həmişə ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.”
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.