Amerikalı reper Kanye West iyunda Tbilisidə konsert verəcək. Bu barədə Gürcüstanın təşkilatçı şirkəti Starring Georgia məlumat yayıb.
Mayın 4–5-də şirkətin Facebook səhifəsində yeni böyük konsert anonsu ilə bağlı paylaşımlar edilib. İstifadəçilər şərhlərdə söhbətin məhz Kanye Westdən getdiyini ehtimal ediblər.
Daha sonra konsertlə bağlı elan təşkilatçıların saytında və şəhərin bilet platformalarında yerləşdirilib. Məlumata görə, çıxış iyunun 12-də “Dinamo Arena” stadionunda keçiriləcək.
Qeyd edək ki, aprelin 13-də Kanye West Fransadakı konsertini təxirə salmışdı. Buna səbəb yerli hakimiyyətin reperi antisemit açıqlamaları və Hitlerə dair səsləndirdiyi fikirlərə görə şəhərdə “arzuolunmaz şəxs” adlandırması olub.
Bundan az əvvəl isə Böyük Britaniya reperin ölkəyə girişinə icazə verməmişdi. Nəticədə Londonda keçiriləcək Wireless festivalında planlaşdırılan çıxışı ləğv edilmişdi.

