Ucar rayonunda su idarəsində növbəti qalmaqal yaşanır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Məmmədov barəsində ciddi korrupsiya və mənimsəmə iddiaları səsləndirilib.
Məlumata görə, idarə rəisi təkcə suvarma sistemlərini deyil, idarənin yanacaq təminatını da şəxsi gəlir mənbəyinə çevirib.
Texnikanın yanacağı “satılır”, pul nəğdləşdirilir, milyonlarla gəlir əldə edilir...
Mənbələrin
“DenMedia.az”a verdiyi məlumata əsasən, idarəyə məxsus texnikaların və nəqliyyat vasitələrinin yanacağı rəsmi sənədlərdə mövcud göstərilsə də, faktiki olaraq satışa çıxarılır.
Yəni iddiaya görə, dövlətin ayrılmış yanacaq və sürtkü materialları bazara satılaraq nəğdləşdirilir, əldə olunan vəsaitlər isə idarə rəisinin cibinə gedir.
Həmin vəsaitlər hesabına Müşfiq Məmmədovun özünə və ailəsinə məxsus sahibkarlıq obyektləri yaratdığı, biznes fəaliyyətini genişləndirdiyi bildirilir.
Saxta yollarla toplanan pullar “şəxsi gəlir”ə çevrilir...
İddialara görə, idarə rəisi bununla da kifayətlənmir. O, tabeliyində çalışan bəzi əməkdaşlara tapşırıq verir ki, ərazidə fəaliyyət göstərən su istifadəçilərindən “əlavə ödənişlər” adı ilə pul toplasınlar.
Toplanan pullar rəsmi uçotdan kənar saxlanılır, dövlət büdcəsinə deyil, birbaşa rəhbərin şəxsi maraqlarına xidmət edir.
Bu yolla külli miqdarda vəsaitin mənimsənildiyi bildirilir.
Qardaş himayəsi — “toxunulmazlıq qalxanı”...
Müşfiq Məmmədovun bu qədər rahat və sərbəst şəkildə fəaliyyət göstərməsinin səbəbi isə onun qardaşı, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mansur Məmmədovdur.
Rayon sakinlərinin sözlərinə görə, “qardaş başçı, qardaş idarə rəisi” tandemi rayonda tam hökmranlıq yaradıb. Heç kim onların işinə qarışa bilmir, şikayətlər isə nəticəsiz qalır.
> “Rayonda hamı bilir ki, Müşfiq Məmmədov kimə arxayındır. O, özünü toxunulmaz sayır. İstədiyini edir, istədiyi kimi də dövlətin malını bölür,” – deyə yerli sakinlərdən biri bildirib.
Dövlət əmlakı şəxsi biznesə çevrilib...
Ekspertlərin fikrincə, dövlət idarəsində ayrılmış yanacaq və maddi-texniki resursların şəxsi gəlir məqsədilə satılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsini pozur. Belə hallara mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı kimi hüquqi qiymət verilə bilər.
Bu səbəbdən məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və ADSEA-nın daxili təhlükəsizlik xidməti tərəfindən təcili araşdırma aparılmalı, dövlətin maraqları müdafiə olunmalıdır.
Yeni məlumatlar gəlir...
Mənbələr bildirir ki, Müşfiq Məmmədovun qanunsuz əməlləri barədə yaxın günlərdə daha ciddi faktlar üzə çıxacaq. Həmin məlumatlarda onun müxtəlif vasitələrlə əldə etdiyi gəlirləri necə “rəsmi” biznesə çevirdiyi və arxasında hansı şəxslərin dayandığı barədə konkret detalların açıqlanacağı gözlənilir.
Ucar su idarəsində baş verənlər bir daha göstərir ki, yerli səviyyədə qurulan ailə-himayədarlıq sistemi dövlətin resurslarını şəxsi gəlir mənbəyinə çevirir.
İndi əsas sual budur: ADSEA rəhbərliyi və hüquq-mühafizə orqanları bu açıq-aşkar mənimsəməyə nə vaxt “dur” deyəcək?
Ucar camaatı isə tək bir cavab gözləyir – ədalət və məsuliyyət.
Ellada Rəsul
DenMedia.az